Ermənilərin hücumu nəticəsində şəhid olan gizir dəfn olunub

Erməni kəşfiyyat-diversiya qrupunun postumuza basqın etməsi nəticəsində şəhid olan gizirimiz Abilov Xudaverdi Fərhad oğlu torpağa tapşırılıb. APA TV-nin məlumatına görə, Sumqayıtdakı Şəhidlər Xiyabanında keçirilən dəfn mərasimində gizirin hərbiçi yoldaşları, yaxınları və Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçuları iştirak ediblər.

 

Şəhid gizirin atası Fərhad Xudaverdiyev vətən uğrunda şəhid olan oğlu ilə fəxr etdiyini vurğulayıb. O bildirib ki, oğlu 6 ay əvvəl gizir kimi Milli Orduda xidmətə başlayıb.

 

Şəhid gizirin komandiri polkovnik-leytenant Məmmədov mərasim iştirakçılarının qarşısında çıxış edərək bildirib ki, Abilov Xudaverdi vətənpərvərliyi ilə zabit və gizir yoldaşlarına hər zaman nümunə olub.

 

Qeyd edək ki, Mayın 28-i gecə saatlarında erməni kəşfiyyat-diversiya qrupu növbəti dəfə postumuza basqın etməyə cəhd göstərib. Düşmən təxribatının qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri itki verib.

 

Nəticədə Silahlı Qüvvələrimizin zabiti, kapitan Məmmədov Fikrət Akif oğlu, gizir Abilov Xudaverdi Fərhad oğlu döyüş tapşırığını yerinə yetirərkən cəsarət və şəxsi igidlik göstərərək, düşmən təxribatının qarşısının alınması zamanı şəhid olublar. Ordumuzun əsgəri Mirzəzadə Mehman Dadaşbala oğlu isə ağır yaralanıb. O, yaxınlıqdakı hərbi hospitala yerləşdirilib.

 

Müəllif | Apa.Tv