Gəncədə qanunsuz loto-kazino aşkarlanıb
Azərbaycanda vətəndaşların külli miqdarda pulunu mənimsəyən şəxslər yaxalanıb. APA TV-nin xəbərinə görə, Gəncə şəhərində keçirilən əməliyyat tədbirləri zamanı Cavadxan küçəsi 12 ünvanında qanunsuz “onlayn” qumar oyunlarının təşkil edildiyi aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakinləri – 21 yaşlı Vüsal Məmmədzadə, 37 yaşlı Namiq Abbasov və 50 yaşlı Nofəl Rəfibəyli əvvəlcədən əlbir olaraq obyekti icarəyə götürüblər və burada müxtəlif qumar oyunları təşkil ediblər.
Obyektə baxış zamanı daha 7 nəfər vətəndaşın da qanunsuz qumar oyunlarında iştirakı müəyyənləşib. Vüsal Məmmədzadə ifadəsində bildirib ki, qanunsuz futbol proqnozları vermək adı ilə vətəndaşlardan külli miqdarda pul yığıb.
Araşdırmalarla daha sonra müəyyənləşib ki, Namiq Abbasov obyektin bir hissəsində qanunsuz loto-kazino təşkil edib və bu yolla vətəndaşların külli miqdarda pulunu mənimsəyib.
Əməliyyatçılar obyektdən qumar oyun proqramları yazılmış kompüter dəstləri, monitorlar, qumar kuponları çap edən xüsusi printerlər, külli miqdarda oyun kuponu və nağd pul aşkarlayaraq götürüblər.