Cəbhədə şəhid olan kapitan Fikrət Məmmədov torpağa tapşırılıb

Cəbhənin Füzuli rayonu ərazisində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin zabiti, kapitan Fikrət Məmmədovla vida mərasimi keçirilib. Dəfn mərasiminə şəhidin yaxınları, hərbçi yoldaşları, Müdafiə Nazirliyinin rəsmiləri qatılıblar.

 

APA TV-nin xəbərinə görə, Müdafiə Nazirliyinin Mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, polkovnik Rüfət Əmirov Müdafiə Nazirliyinin rəhbərliyi adından şəhidin ailəsinə başsağlığı verib. Fikrət  Məmmədov 2001-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra cəbhə bölgəsində motoatıcı tağım komandiri vəzifəsində xidmət edən Fikrət  Azərbaycan prezidentinin sərəncamı ilə "Hərbi xidmətlərə görə", "Azərbaycan Silahlı Qüvvələrinin 90 və 95 illiyi" yubiley medalları, "Qüsursuz xidmətlərə görə" üçüncü dərəcəli medallarla təltif olunub.

Şəhidin Azərbaycanın dövlət bayrağı ilə örtülmüş tabutu hərbi orkestrin və Fəxri Qarovulun iştirakı ilə qaldırılıb. Dəfn zamanı rituallara uyğun olaraq havaya atəş açılıb.

Uşaq yaşlarından anasını itirən Fikrət xalasının himayəsində böyüyüb. Onun dörd yaşlı Qəmər və iki yaşlı Rəsul adlı övladları yadigar qalıb.

Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi rəşadətə görə kapitan F. Məmmədovun ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif olunması üçün Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan prezidentinə təqdimat göndərib"

Dəfndən sonra general-mayor Hikmət Mirzəyev şəhid Fikrət  Məmmədovun hərbi geyimini və tabutu üzərinə örtülmüş Azərbaycanın dövlət bayrağını mərhumun ailəsinə təqdim edib.

 

Müəllif | Apa.Tv