"Azərbaycanda uşaq problemləri: Reallıqlar və perspektivlər

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü çərçivəsində Milli Məclis və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı tərəfindən "Azərbaycanda uşaq problemləri: Reallıqlar və perspektivlər" adlı ictimai dinləmə keçirilib. APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edən parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, BMT-nin Uşaq Hüquqları Konvensiyasına ilk qoşulan ölkə məhz Azərbaycan olub. Azərbaycanda əhalinin təxminən 30 faizininin uşaq olduğunu deyən millət vəkili bildirib ki, bu günə qədər ölkəmizdə uşaq hüquqları ilə bağlı 45 fərman və sərəncam, 22 qanun layihəsi qəbul olunub.

 

Son illər uşaqların valideynləri tərəfindən zorakılığa məruz qalması ilə bağlı halların artmasının da həyəcan yaradan hal olduğunu deyən parlamentin sədr müavini Bahar Muradova deyib ki, digər vacib problem internatlardan uşaqların ailələrə verilməsidir. Ona görə də mövcud problemlərin aradan qaldırılması istiqamətində işləri daha da gücləndirmək lazımdır.

 

UNİCEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard isə bildirib ki, Azərbaycan hökuməti və parlamenti son illər uşaqların və qadınların rastlaşdıqları problemlərin həllinə daha çox diqqət ayırır. Son illərdə ölkəmizdə şikəst uşaqların və onların ailələrinin maraqları çərçivəsində fəaliyyət göstərən təşkilatların əhəmiyyətli dərəcədə fəallaşması müşahidə olunur. O qeyd edib ki, son illərdə qanun pozuntusu törətmiş və təcridxanalarda yerləşən uşaqların məişət və sosial həyat şərtləri əhəmiyyətli dərəcədə dəyişib. 

Müəllif | Apa.Tv