QMİ Onkologiya Mərkəzində uşaq xəstələrə yardım edib

Milli Onkologiya Mərkəzinin Uşaq klinikasında müalicə alan 63 azyaşlı tezliklə sağalıb evlərinə qayıtmağı arzulayır. Onlardan kimisi 1 aydır, kimisi 5 ay, kimisi də uzun illərdir burada müalicə olunur. Hər kəsi də bura bir ümid gətirir: tezliklə müalicə olub sağalmaq.

 

APA TV-nin xəbərinə görə, 1 iyun - Beynəlxalq Uşaq Günü münasibətilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadədə Milli Onkologiya Mərkəzinin Uşaq klinikasında azyaşlılara baş çəkib: “Mən bu uşaqları görəndə, fikirləşirəm ki, Allah bizi yaradıb, dərd də göndərib, onun dərmanı da var. Şeyx kimi mən dua edərdim ki, bütün xəstələrə Allah şəfa versin. Mən uşaqların yanına gələndə onların analarının göz yaşını gördüm. Gizlətsələr də, gördüm”.

 

Mərkəzin direktoru Cəmil Əliyev bildirib ki, QMİ-nin hədiyyə etdiyi tibbi aparatlara ehtiyac var.

 

Mərkəzdə müalicə alan uşaqların bədəninə dərmanı avtomatik qaydada proqramlaşdırılmış şəkildə yeritmək üçün 65 ədəd infuzomat və 65 katetor tədqim edilib. Hər cihazın qiyməti təxminən 1500 manatdır.

Müəllif | Apa.Tv