Millət vəkiləri ATƏT sədrinin Azərbaycana səfərinə münasibət bildirdi

ATƏT sədrinin Azərbaycana səfəri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün kifayət qədər əhəmiyyətlidir. APA TV-nin məlumatına görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova deyib. Onun sözlərinə görə, ATƏT-in ölkəmizdə keçirilən sessiyasında ayrıca mövzu kimi Ukrayna ətrafında baş verənlər müzakirə edilsə də Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağ məsələsini ciddi şəkildə gündəmə gətirəcək.


"Ukraynadakı hadisələrdən narahat olan, nigarançılıq keçirən beynəlxalq ictimaiyyətin səylərini məhz həlli uzadılan münaqişələrin həllinə yönəltmək və bu problemi ölü nöqtədən tərpətməyə çalışmaq lazımdır".

 

Eyni zamanda ATƏT beynəlxalq təşkilat olaraq münaqişənin nizamlanmasında maraqlı olmalıdır. Çünki, bu təşkilatın imic məsələsidir. Həmçinin əgər nailiyyətlər əldə olunmasa təşkilat daxilində islahatlar qaçılmazıdır.


"ATƏT-in sədrinin Azərbaycana səfər etməsi münaqişənin diplomatik yolla həll edilməsinə öz töhfəsini verə bilər. Çünki, ATƏT-in Minsk Qrupu  öz fəaliyyətsizliyi ilə ortaya bir nəticə qoymaması elə ATƏT-in özünün fəaliyyətinə kölgə salır. ATƏT mövcud imicini qorumaq, eyni zamanda özünə inamı artırmaqdan ötrü öz mövqeyini kəskinləşdirilməlidir".

 

ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycana səfərini müsbət qiymətləndirən Aydın Hüseynov hesab edir ki, ATƏT-in sessiyasında rəsmi Bakı üçün vacib olan bir çox məsələlər öz həllini tapacaq. Qeyd edək ki, İsveçrənin prezidenti və xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalter iyunun 1-də Azərbaycana səfər edəcək. Sədrin keçirəcəyi görüşlərdə əsas müzakirə mövzusu təşkilatın Bakıda keçiriləcək 23-cü illik sessiyasına hazırlığın gedişi olacaq.

Müəllif | Apa.Tv