Səlim Müslümov: "Qarabağ əlillərinin avtomobillərlə təmin edilməsi prosesi dayandırılır"
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Salyanda
vətəndaşları qəbul edib. APA TV-nin məlumatına görə, görüşdə Salyanla birgə Neftçala, Biləsuvar rayonlarından olan vətəndaşlar və Cəbrayıldan olan məcburi köçkünlərin bir qrupu da iştirak edib. Qəbulda insanlara problemlərinin həll olunmasında köməklik göstərilməsi diqqətdə saxlanılıb, müraciətlərin bir qismi yerindəcə həll olunub. Jurnalistlərə açıqlamasında Səlim Müslümov bildirib ki, may ayında 657 nəfər Qarabağ müharibəsi əlillərinə avtomobil verilib. Nazirliyin struktur rəhbərlərinin də iştirak etdiyi görüşdə qaldırılan məsələlər həssaslıqla araşdırılıb, təkliflərlə bağlı müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.
"Biz Qarabağ müharibəsi əlilləri üçün o prosesi may ayının 26-da yekunlaşdırdıq. İyun ayının əvvəlindən Böyük Vətən Müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərin də avtomobillə təminatına start veriləcək və 3 ay ərzində bu iş başa çatdırılacaq".
Nazirin sözlərinə görə, bu ilin sonuna qədər vətəndaş məmur əlaqəsi avtomatlaşdırılacaq.
"Əsas problemlərdən biri vətəndaş məmur əlaqələrini aradan qaldırmaqdır. Bu proseslərin avtomatlaşdırılması istiqamətində ciddi işlər gedir. Elə düşünürəm ki, bu ilin sonuna qədər bu prosesi yekunlaşdıracağıq".
Nazirliyin səlahiyyətinə aid olmayan məsələlər isə aidiyyatı orqanlara çatdırılmaq üçün qeydə alınıb.