Britaniya parlamentinin üzvü: “Dağlıq Qarabağ münaqişəsinin daha 10-15 il uzanmasını istəmirik”
“Bu ölkə öz adət-ənənələrinə sadiq islam ölkəsidir, amma eyni zamanda tolerant, rahat, müxtəlif icmalara, o cümlədən yəhudi icmasına dəstək göstərən bir ölkədir. Dünya bunu qiymətləndirməlidir”. Bu sözləri Böyük Britaniya parlamentinin üzvü, Bakıda səfərdə olan Malkolm Brüs APA TV-yə açıqlamasında deyib. O, 7 il bundan əvvəl Azərbaycanda olduğunu diqqətə çatdırıb: “Avropa Şurasının siyasi məhbuslarla bağlı məruzəçisi olduğumdan müxtəlif səfərlər həyata keçirmişik. Ölkə tamamilə dəyişib. Bakı başqa bir şəhər olub”.
Britaniyalı parlamentari Dağlıq Qarabağ münaqişəsinin həllinin ləngiməsi məsələsinə də toxunub: “Hesab edirəm ki, bu münaqişə dondurulmamalıdır. Sovet İttifaqı dağıldıqdan sonra bir qrup ölkələr var ki, onların torpaqları işğal edilib. İnsanlar ərazi dəyişikliyinə məruz qalıblar. Bu hadisə Ukraynada, Gürcüstanda və sizdə baş verib. Bu məsələnin həlli odur ki, ölkələr bunu həll etmək üçün müstəqil siyasət yürütməlidirlər. Bu cür münaqişələr sülhə və əlaqələrə xələl gətirir. Biz bu münaqişənin daha 10-15 il uzanmasını istəmirik. Bu heç kəsin maraqlarına xidmət etmir. İnsanlar məcburi şəkildə öz torpaqlarından yerdəyişməyə məruz qalıblar. Bundan başqa əmin ərazilərin iqtisadi inkişafı tamamilə dağılıb. Mən hesab edirəm ki hər kəs başqa ölkənin suverenliyini və müstəqilliyini hörmətlə yanaşılmalı, dəstəklənməlidir”.
Malkolm Brüsun sözlərinə görə, Böyük Britaniyada insanların böyük əksəriyyəti Azərbaycanın harada yerləşdiyini bilmir və ümumiyyətlə bu ölkə haqqında az məlumatlıdırlar: “"Biz bunu inkişaf etdirməliyik. Mən ölkəmin neft və qaz ixrac edən hissəsini təmsil edirəm. BP ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və çoxsaylı səfərlər həyata keçirilir. Mən düşünürəm ki, bunu daha da irəlilətməliyik”.
Onun sözlərinə görə, ingilis xalqına bu uğur qazanmış çətin regionda yerləşən azad ölkə haqqında daha çox məlumat verilməlidir.