Avropa Azərbaycan Cəmiyyəti Dağlıq Qarabağla bağlı kitablar təqdim etdi
Bu gün Bakıda Avropa-Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən rus və ingilis dillərində nəşr olunmuş “Qarabağ. Münaqişə kontekstində tarix” və “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitablarının təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində tarixçilər, araşdırmaçılar, ictimaiyyət nümayəndələri iştirak edib.
Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov çıxışında bildirib ki, son illər Azərbaycan sürətli inkişaf yaşamasına baxmayaraq, Ermənistanın işğalçılıq siyasəti bu ölkənin inkişafına mənfi təsir göstərir: “Yeni formalaşan Azərbaycan lobbisi, Azərbaycan diasporu və hökumətin dəstəyi ilə Azərbaycanın obyektiv mövqeyini əks etdirən kitabların nəşrinə nail olmuşuq. Londonun “Garnet” nəşriyyatında (tərtibçilər: İen Pört, Fiona Maklaxlan) çap edilmiş “Khojaly Witness of a war crime – Armenia in the Dock” kitabı 1992-ci il 26 fevral Xocalı hadisələrini ilkin mənbələrə əsasən sənədləşdirən və Qərbdə ingilis dilində işıq üzü görən ilk nəşrdir. Bu nəşr Xocalı qətliamından sağ çıxan insanlardan Qərb müəllifləri tərəfindən müsahibə yolu ilə alınmış şahid ifadələrinin ilk toplusudur. Kitabda Qərb və Rusiya mediasında Xocalı hadisəsi ilə əlaqədar çap olunmuş məqalələr, həmçinin elmi araşdırmalar yer alıb. Digər kitab isə Qarabağ tarixinin öyrənilməsi və tanıdılmasında mühüm mənbə olacaq. Bu kitablar gələcəkdə Avropanın digər dillərinə də tərcümə ediləcək”.
Tədbirdə qeyd olunub ki, kitabda хarici foto müxbirlərin lentə aldıqları nadir fotoşəkillər də yer alıb. Topluya beynəlxalq mediadan daxil edilmiş materiallar və foto şəkillər TEAS tərəfindən eksklüziv anlaşma nəticəsində əldə edilib və ilk dəfədir ki, işıq üzü görür. Bu fotolar artıq Azərbaycan Respublikasının mülkiyyətidir.
Xocalı hadisələrini lentə almış fotoqraf Frederique Lengaigne isə çıxışında 1992-ci ilin fevral ayında Xocalı faciəsini lentə aldığı günlərdə gördüklərini anladıb.
Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov deyib ki, TEAS-ın təqdim etdiyi kitablar cəmiyyətin fəaliyyətinin yalnız bir hissəsidir: “Cəmiyyətinin qarşısına qoyduğu məqsəd 22 ildə Azərbaycan dövlətinin əldə etdiyi nailiyyətləri Avropaya və dünyaya yaymaqdır və bu işin öhdəsindən uğurla gəlirlər. Bu gün dünyada ən çox ehtiyac duyulan şey ədalətdir. Çox təəssüf ki, tarix geosiyasi varlığa çevrilərək öz rolunu – ədalətli tarixdirsə müsbət, ədalətsiz tarixdirsə mənfi rolunu oynayır. Bu gün bəzi dövlətlər Azərbaycanın ərazilərinin işğalını yalançı, özlərinin qondardıqları tarixlə əsaslandırmağa çalışırlar. Bu gün Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dünyanın bütün ölkələrinin mövqeyi olsa da, ərazilərimiz işğal altında qalır. Bu iki kitab Azərbaycan tarixini, Xocalıda baş verənləri necə var elə də göstərir. Bu, onu göstərir ki, Azərbaycan xalqı, rəhbərliyi ərazilərinin işğalı ilə heç zaman barışmayacaq”.
Qeyd edək ki, Sankt-Peterburqda, “Vestnik” nəşriyyatında çar olunmuş “Karabax. İstoriya v kontekste konflikta” adlı məqalələr toplusu ön söz, on səkkiz məqalə, müəlliflər haqqında məlumat, coğrafi, siyasi və inzibati adlar göstəricisindən ibarətdir. TEAS sədri və layihənin rəhbəri Tale Heydərovun yazdığı ön sözdə məqalələr toplusunun nəşrini zəruri edən səbəblər hərtərəfli təhlil olunub. Ön sözdə qeyd edilir ki, qloballaşan dünyanın müasir siyasi leksikonunda Azərbaycan Respublikasının Qarabağ bölgəsi, xüsusilə onun bir hissəsini əhatə edən Dağlıq Qarabağ, adı tez-tez çəkilən coğrafi ərazilərdəndir. Toplu professor Süleyman Əliyarlının Azərbaycan Respublikasının ərazi və sərhəd tarixinə dair məqaləsi ilə başlayır. Müəllif Qarabağın siyasi-coğrafi mənsubiyyəti üzərində də dayanır və faktlarla Qarabağın tarixi Azərbaycan ərazisi olduğunu sübut edir.