Kəmaləddin Heydərov: “Təbii fəlakətdən zərər çəkən ailələrin hamısı evlə təmin olunacaq”
Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Zaqatalaya səfər edib. APA TV-nin məlumatına görə, Kəmaləddin Heydərov Zaqatalada 2 il əvvəl baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşdüyü üçün sökülərək yenidən tikilən iki məktəb binasının açılışında iştirak edib.
3 saylı Aşağı Tala kənd orta məktəbi 750, 4 saylı Yuxarı Tala kənd orta məktəbi isə 400 şagird yerlikdir.
Nazir jurnalistlərə verdiyi açıqlamada zəlzələ zamanı 37 məktəbin tamamilə dağıldığını deyib: “Bu gün axırıncı iki məktəbi açdıq. Prezidentin tapşırığı ilə dağ kəndlərində ən gözəl məktəblər tikilməli idi. Doğrudan da ən gözəl layihələrlə çox keyfiyyətli məktəblər tikilib təhvil verilib".
Fövqəladə hallar naziri onu da bildirib ki, təbii fəlakətdən ziyan çəkən ailələrin hamısı evlə təmin olunacaq: "Sərəncama uyğun olaraq, kompensasiyalardan çox az qismi qalmışdı. Mənə məruzə etdilər ki, əhalinin kompensasiya almamış hissəsi də müvafiq təzminatı alacaqlar. 2016-cı ilin ortalarına qədər bu xarakterli qəzalardan ziyan çəkən insanlarımızın hamısı evlərlə təmin olunacaq".
K. Heydərov Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən rayon yanğından mühafizə hissəsinin yeni inzibati binasının açılışına da qatılıb.