Lənkəranda süd qəbulu və yığımı məntəqəsində reyd keçirilib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Lənkəran ərazi idarəsinin əməkdaşları Lənkəran rayonunun "Xutor" deyilən ərazisində fəaliyyət göstərən süd qəbulu və yığımı məntəqəsində reyd keçirib.


APA TV-nin cənub bürosunun məlumatına görə, reyd zamanı məlum olub ki, qanunsuz fəaliyyət göstərən məntəqədə heç bir normativ sənəd və uyğunluq sertifikatı yoxdur. Vətəndaşlardan süd qəbulu qapağı açıq qalan kanalizasiya sisteminin yanında aparılır. Qablara yığılan südün üzərində də hər cür həşərata da rast gəlinib. Məntəqə işçisi isə vəziyyətdən çıxmaq üçün müxtəlif bəhanələrə əl atıb.

İdarə əməkdaşı Xalid Ələkbərlinin sözlərinə görə, məntəqəyə baxış protokolu tərtib olunub və qanuna müvafiq qaydada tədbirlər görüləcək.

Aşkarlanmış nöqsanlarla bağlı məntəqəyə məhdudlaşdırıcı qərar tətbiq edilərək sahibinə təqdim olunub. Belə ki, həmin məntəqəni 1500 manatdan 2000 manata kimi cərimə gözləyir.
 

Müəllif | Apa.Tv