Luqanskda döyüşlər gedir, sursat anbarı partladıldı
Ötən gecə Ukraynanın Luqansk vilayətində gərgin döyüşlər gedib. APA TV-nin məlumatına görə, hadisələrin episentri Aleksandrovsk rayonunda daxili qoşunların hərbi hissəsi olub.
Separatçılar döyüş zamanı Ukrayna Milli Qvardiyasının 20 döyüşçüsünün əsir götürüldüyünü, hərbi hissənin isə ələ keçirildiyini bildiriblər.
Bir neçə saatlıq döyüş zamanı hərbi hissənin sursat anbarında yanğın və partlayış baş verib.
Ukraynanın Daxili İşlər Nazirliyi də Aleksandrovskda gedən döyüşlə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, separatçıların atdığı reaktiv qumbaralardan biri sursat anbarına düşüb. Nəticədə partlayış baş verib, silah və döyüş sursatları məhv olub. Nazirlik hərbi hissənin hazırda tərəflərdən hansının nəzarətində olduğunu açıqlamayıb.
Xatırladaq ki, aprelin ortalarından Ukrayna hakimiyyəti ölkənin şərqində antiterror əməliyyatlarına başlayıb. Mayın 25-də prezident seçkiləri günü aktiv hərbi əməliyyatlar dayandırılsa da, bir gün sonra bərpa olunub.