Qubada təbii fəlakət: Sel körpünü uçurdu, mal-qaranı apardı
Ötən gün Quba rayonunda yağan güclü yağış bir sıra fəsadlar yaradıb.
APA-nın şimal bürosuna verilən məlumata görə, Ağçaya gələn güclü sel Tülər kəndinə gedən körpünü uçurub. Kəndlə əlaqə kəsilib. Çayın sağ sahilindəki 50-dək vətəndaş evlərinə gedə bilməyib. Ən çox ziyan sakinlərə məxsus əkin sahələrinə və təsərrüfatlara dəyib. Ağçayın daşması nəticəsində bir körpünü su aparıb, digəri isə qəzalı vəziyyətə düşüb.
Kəndin icra nümayəndəsi Oqtay İsayev bir neçə evə də ziyan dəydiyini bildirib. Kənd sakinlərinə məxsus bir neçə baş iribuynuzlu heyvanı da sel aparıb. Hazırda intensiv yağan yağışlar səngiyib. Rayonun müvafiq qurumları dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparır.