Novruz Məmmədov: “Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmaq planı yoxdur”
“Azərbaycan prezidenti Avrasiya İqtisadi İttifaqının təsisçiləri olan Rusiya, Qazaxıstan və Belarusun dövlət başçılarına həqiqətən də məktubla müraciət edib”. Bu fikirləri APA İnformasiya Agentliyinə açıqlamasında Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
Onun sözlərinə görə, bu gün beynəlxalq münasibətlərdə ədalətli yanaşmanın olmaması müəyyən addımların atılmasına gətirib çıxarır: “Bu kontekstdə Avrasiya ərazisində yeni qurumun yaranmasını normal hesab etmək lazımdır. Bura üzvlük məsələsində bizi maraqlandıran Ermənistandır. Ermənistan 20 ildən artıqdır Azərbaycanın ərazilərinin bir hissəsini işğal altında saxlayır. Bununla bağlı BMT TŞ-nin 4 qətnaməsi, beynəlxalq təşkilatların mövqeyi var. Üstəlik, Minsk Qrupunun həmsədrləri bir neçə bəyanat veriblər ki, münaqişə ilə bağlı indiki status-kvonu saxlamaq olmaz. Bütün bunlara baxmayaraq, Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymur. Bu prosesdə isə bizi təmin edəcək güclü addım atılmır. Bu çərçivədə düşündük ki, Ermənistan hansı şərtlərlə Avrasiya İqtisadi İttifaqı və Gömrük İttifaqına üzv ola bilər”.
Novruz Məmmədovun sözlərinə görə, məktubun əsas mahiyyəti ondan ibarətdir ki, belə bir proses baş verərsə, beynəlxalq hüquq, onun norma və prinsiplərinə əməl olunsun: “Orada həmçinin göstərilir ki, siz dövlət başçılarının Azərbaycanla yaxşı münasibətləriniz var, bu çərçivədə Azərbaycanın maraqlarına xələl gətirən addım atılmamalıdır”.
Prezident Administrasiyasının rəsmisi bəyan edib ki, Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmaq planı yoxdur: “Biz hələlik bunu düşünmürük. Bizi burada maraqlandıran yalnız Ermənistanın ittifaqa üzvlüyü məsələsidir”.