Azərbaycanda 2 milyon uşaq var

"Bu gün Azərbaycanda 2 milyona yaxın uşaq var. Məhz bu baxımdan 1 iyunun bütün dünyada Uşaqların Beynəlxalq Müdafiə Günü kimi qeyd olunması təsadüfi deyil. Çünki müasir dövrdə uşaqların problemlərinin həlli, uşaq hüquqlarının qorunması ən aktual vəzifələrdən biridir".

APA TV-nin məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova deyib: "Son illər uşaqların təlim-tərbiyəsinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva uşaqların problemlərinə böyük diqqətlə yanaşırlar. Heydər Əliyev Fondu tərəfindən uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirilir" .

 

BMT-nin Uşaq Fondunun ölkəmizdəki nümayəndəsi Mark Herevard Azərbaycanda uşaq hüquqlarının müdafiəsi istiqamətində geniş miqyasda tədbirlər həyata keçirildiyini bildirib. 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə AQUPDK tərəfindən bayram şənliyi təşkil edilib. 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı