Yevlaxda dəhşət: Azyaşlı qardaş-bacı və daha 2 nəfər öldü, 7 nəfər yaralandı - YENİLƏNİB
Bakı-Qazax yolunda 4 nəfərin ölümü, 7 nəfərin ağır xəsarət alması ilə nəticələnən ağır avtomobil qəzası baş verib. Hadisə yolun 281-ci kilometrliyində, Yevlax rayonu ərazisində qeydə alınıb. Bakıdan Qazax rayonuna gedən “Ford” markalı sərnişin mikroavtobusu yolun eyni hərəkət zolağında qarşı tərəfdə hərəkətdə olan Türkiyənin “Bayburt” yol-tikinti şirkətinə məxsus “SHACHMAN” markalı yük maşınına arxa tərəfdən çırpılıb. Hadisə nəticəsində “Ford” markalı sərnişin mikroavtobusu yoldan çıxaraq aşıb. Mikroavtobusun sürücüsü 1978-ci il təvəllüdlü Ceyhun İlyas oğlu Mətiyev, sərnişinlər - sürücünün qardaşı 29 yaşlı Səxavət İlyas oğlu Mətiyev, onun həyat yoldaşı 1993-cü il təvəllüdlü Susanə Nuşirəvan qızı Mətiyeva, 1 yaşlı Xanım Səxavət qızı Mətiyeva, digər sərnişinlər 18 yaşlı Aqil Həşim oğlu Nuriyev, 1965-ci il təvəllüdlü Zemfira İdris qızı Quliyeva, 24 yaşlı Vahid Zahid oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Həmçinin, ailənin digər azyaşlı övladı - 2012-ci il təvəllüdlü Fəridə Səxavət qızı Mətiyeva, qardaşı 2014-cü il təvəllüdlü İbrahim Səxavət oğlu Mətiyev və şəxsiyyəti hələ ki, məlum olmayan daha iki nəfər hadisə yerində dünyasını dəyişiblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.