Azərbaycanda Balıq və digər su bioresurslarının artırılması və mühafizəsi Fondu yaradılacaq

Milli Məclisin Aqrar-siyasət komitəsinin növbəti iclası keçirilib. APA TV-nin xəbərinə görə, iclasda "Balıqçılıq haqqında" qanun layihəsinə dəyişikliklərin edilməsi müzakirə olunub. Qanun layihəsi haqqında məlumat verən komitə sədri Eldar İbrahimov bildirib ki, sənəd Azərbaycanda balıqçılığın, o cümlədən akvakulturanın təşkilinin, idarə edilməsinin, balıq və digər su bioresuralarının artırılmasının, istifadəsinin və mühafizəsinin hüquqi əsaslarını müəyyən edir. Sənədə əsasən, Azərbaycanda akvakultura süni şəkildə əmtəə balıq və digər su bioresurslarının artırılmasına dəstək, o cümlədən balıq və digər su bioresursmlarının mühafizəsi məqsədi ilə Balıq və digər su bioresurslarının artırılması və mühafizəsi Fondu yaradılacaq.

 

Çıxış edən millət vəkilləri bildiriblər ki, Ümumdünya Səhiyyə Təşkilatının normasına əsasən bir nəfər il ərzində 8,3 kq balıq istehlak etməlidir. 2012-ci ilin statitstikasına əsasən, Azərbaycanda adambaşına 7,1 kq balıq istehlak edilib.

Qeyd olunub ki, hazırda Xəzər dənizinin balıq ehtiyatlarından 5 Xəzəryanı dövlət istifadə edir. 1992-ci ildə bu dövlətlər tərəfindən Xəzər dənizinin Su bioloji resursları komissiyası yaradılıb və dənizin balıq ehtiyatlarından səmərəli istifadəyə dair müəyyən tədbirlər həyata keçirilir. Lakin Azərbaycan dənizə buraxılan körpə balıqların sayına və dənizdə balıq ovuna qoyulan kvotaya düzgün əməl etsə də, bəzi ölkələr dənizə verdiklərindən çox götürür. Bu da Xəzər dənizində balıq ehtiyatlarının, xüsusi və nadir və nəsli kəsilməkdə olan növlərin azalmasına səbəb olur və çox ciddi tədbirlərin görülməsini tələb edir. Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Müəllif | Apa.Tv