Bakıda MDB ölkələrinin Gömrük Xidmətləri Rəhbərləri Şurasının iclası keçiriləcək
İyunun 4-də Bakıda MDB üzvü olan ölkələrin Gömrük Xidmətləri Rəhbərləri Şurasının iclası keçiriləcək. Görüşdə üzv ölkələrin gömrük xidmətlərinin perspektivləri və əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək. APA TV-nin xəbərinə görə, bu barədə jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib: "İyunun 3-də Rusiya gömrük xidmətinin rəhbəri də Bakıya səfər edəcək. Əsas müzakirə mövzusu sərhəddə yaranmış boşluqlarla bağlı olacaq".
Komitə sədri bildirib ki, Azərbaycanın Rusiya ilə sərhədindəki gömrük postları orada yaranmış növbənin aradan qaldırılması üçün gücləndirilmiş rejimdə çalışır. Bir avtomobilin sənədləşdirilməsinə ayrılan vaxt minimuma endirilib.
Rusiya-Gürcüstan sərhədi ərazisində baş vermiş sürüşmə səbəbindən Türkiyəyə tranzit yüklər daşıyan avtomobillər Azərbaycan ərazisindən keçməyə məcbur olub. Böyük avtomobil axını Azərbaycan-Rusiya gömrüyündə yubanmalara səbəb olub ki, bu da sərhədin hər iki tərəfində onlarla maşından ibarət növbənin yaranmasına gətirib çıxarıb.