"Son zəng": orta məktəbə əlvida, yeni həyata qədəm, böyük ümidlər...

Bu gün Azərbaycanda orta məktəblərdə "son zəng" çalınıb. "Son zəng" həyəcanı bütün məktəblərdə yaşanıb.

Aysellə Əli bacı-qardaşdır. Aysel 11, Əli isə 1-i ci sinifi bitirir. Hər ikisinin fərqli arzuları var. Elə bu gün kimi. Əli sevinir - qarşıda məktəb yoldaşları, müəllimələri ilə keçirəcəyi uzun illər var. Ayselin isə əksinə bir zəngi qalıb məktəb dostlarından, sinif yoldaşlarından ayrılmasına...

"Birinci sinifə anam gətirdi. Rus bölməsində oxuyuram, çünki anam belə istəyib. Atam və  nənəm istəmədi ki, rus bölməsinə daxil olum. Anam qoydu, çünki o da rus bölməsini bitirmişdi".

 

"Bütün 11-cilər nə hissi yaşayır, mən də həmin  hissləri yaşayıram. Məktəbi qutarırıq, yeni bir həyata qədəm qoyuruq. Bir tərəfdən sevinirəm ki, məktəbi qutarıram,universitetə qəbul olacam. Kədərlənirəm ki, məktəbin yerini heç nə vermir".

 

Hansı sənəti seçəcəyinə gəlincə, Aysel deyir ki, aktirisa və ya da model olmağı arzulayır: "Amma bizdə buna pis baxırlar. Düzü, evdə də qoymazlar. Çox çətindir, o yolu getmək. Hər adam gedir kinoya çəkilib, aktirsa olmur ki. Gərək, gedib xaricdə təhsil alasan".

 

Ayseli sinif yoldaşlarının yanına göndərib özümüz də həyətə düşürük.

Məzunlar üçün vaxt o qədər tez keçirdi ki, heç özləri də bunun fərqində deyildi. Bəziləri ürək sözlərini köynəyə yazır, bəziləri kövrəlir, bəziləri də eləcə əylənirdi.

 

Məzunlar təəssüratlarını APA TV-yə bölüşdülər.

Məzunlarla yanaşı, valideyinlərin də bəziləri sevinir, bəziləri hələ də övladlarını birinci sinifə gətirdiyi günü xatırlayaraq kövrəlirdi.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova