Kimlər Azərbaycan vətəndaşlığından çıxarıla bilər?

Milli Məclisdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb. APA TV-nin xəbərinə görə, dDəyişikliklərə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı 1 ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

Dəyişikliyə görə, ölkə ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycanın vətəndaşı hesab edilmir. Azərbaycan ərazisində doğulmuş və valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan vətəndaşı sayılmır. Ölkə ərazisində doğulmuş və hər iki valideyninin vətəndaşlığı olmayan uşaq Azərbaycan vətəndaşıdır.

 

Həmçinin, Azərbaycan vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi, xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi, dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı, Azərbaycan vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi Azərbaycan vətəndaşlığının itirilməsi üçün əsas hesab edilə bilər.

Bundan başqa, terrorçuluq, zorakılıq və digər belə hallarla bağlı ağır və xüsusilə ağır cinayətlərə görə cəza müddətinin 20 ilə qədər artırılması təklif edilib. Hər iki qanun layihəsi qəbul edilib.

 

Müəllif | Apa.Tv