İnşaatçılar prospektində qəza: “BMW-X5” reklam lövhəsinə çırpıldı!

Dünən axşam saatlarında Bakının Yasamal rayonunda sürücünün sükan arxasında halının pisləşməsi yol qəzasına səbəb olub. Hadisə Dövlət Statistika Komitəsinin binası qarşısında baş verib. 60 yaşlı Tahir Şərifov sükanı arxasında olduğu “BMW-X5” markalı avtomobillə İnşaatçılar prospekti ilə Haqveriyev küçəsi istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Yüksək sürətlə hərəkətdə olan avtomaşın prospektdə reklam lövhəsinə dəyərək dayanıb. Sürücü xəsarət almasa da, avtomobilə və reklam lövhəsinə ziyan dəyib.

Əraziyə gələn Dövlət Yol Polisinin əməkdaşları sürücünün içkili olub-olmadığını yoxlamaq üçün onu müayinəyə dəvət ediblər.

Qəza ilə bağlı sözügedən ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Avtomobil evakuator vasitəsi ilə hadisə yerindən uzaqlaşdırıldıqdan sonra yolda nəqliyyatın hərəkəti bərpa edilib.

İlkin araşdırma nəticəsində məlum olub ki, qəzanın baş verməsinə sürücü Tahir Şərifovun səhhətində yaranan problem səbəb olub. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv