“Fövqəladə hallar uşaqların gözü ilə” IV Ümumrespublika Uşaq Yaradıcılıq Müsabiqəsi keçirilib

Fövqəladə Hallar Nazirliyi  Təhsil Nazirliyi ilə birgə “Fövqəladə hallar uşaqların gözü ilə” IV Ümumrespublika Uşaq Yaradıcılıq Müsabiqəsi sərgisi təşkil edib.  FHN Akademiyasında keçirilən sərginin açılış mərasimində fövqəladə hallar naziri Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov və gənclər və idman naziri Azad Rəhimov da iştirak edib. Nazirlər stendlərə baş çəkib, uşaqların əl işləri ilə tanış olublar. 

 

Müsabiqənin keçirilməsində məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, ictimaiyyətinin diqqətinin fövqəladə hal probleminə cəlb edilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılmasıdır.  Respublikanın bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin iştirak etdiyi müsabiqəyə “Rəsm”, “Plakat”, “Əl işi”, “Yumşaq oyuncaq”, “Yanğın-qəza xilasetmə texnikasının modeli” və “Şeir” nominasiyaları üzrə işlər təqdim olunub.  Müsabiqəyə təqdim olunan işlər FHN, Təhsil Nazirliyi, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı, Yazıçılar Birliyi və Rəssamlıq Akademiyasının nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. İştirakçılardan 23 nəfər birinci, 32 nəfər ikinci, 28 nəfər üçüncü yeri tutub, 26 nəfər isə həvəsləndirici mükafatlara layiq görülüb.

 

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “Fövqəladə hallar uşaqların gözü ilə” IV Ümumrespublika Uşaq Yaradıcılıq Müsabiqəsində çıxış edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib ki, Azərbaycan seysmik zonada yerləşir, sel daşqınları, sürüşmələr baş verən zonalar var, eyni zamanda texnogen qəzalar baş verir.  Nazirin sözlərinə görə, məhz bunu nəzərə alan prezident İlham Əliyev 2005-ci ildə Fövqəladə Hallar Nazirliyinin yaradılması barədə sərəncam verib: “Sərginin keçirilməsində əsas məqsəd odur ki, hər bir  kəs - valideynlər, uşaqlar hər zaman  fövqəladə halların baş verməsi ehtimalına hazır olmalıdır.  Ulu öndərin bir sözü var , o bizim devizimizdir - nazirlikdə bir hadisənin qarşısını qabaqcadan almaq, onun baş verəndən sonra qarşısını almaqdan daha önəmlidir. Ona görə də hər an biz bu kimi hallara hazır olmalıyıq”.  

 

Tədbirdə daha sonra təhsil naziri Mikayıl Cabbarov və gənclər və idman naziri Azad Rəhimov müsabiqədə iştirak edənlərin gələcəkdə xilasedicilər, yanğınsöndürənlər olacağına inandıqlarını bildiriblər. Sonda müsabiqənin qalibləri elan olunub, qaliblər fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

 

Müəllif | Apa.Tv