Xocalı soyqırımı ilə bağlı petisiya Avropa Parlamentində qeydə alınıb

Avropada yaşayan azərbaycanlılar Avropa Parlamentinə və Almaniya Bundestaqına (parlament) Xocalı soyqırımına hüquqi qiymət verilməsi ilə bağlı petisiya göndəriblər. Bu barədə APA TV-yə Avropa Azərbaycanlıları Konqresinin sədri, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samira Patzer-İsmayılova bildirib.

“Sevindirici hal odur ki, Avropa parlamentində bizim müraciət formasında təqdim etdiyimiz soyqırımı ilə bağlı sənəd qeydə alınıb və hətta arxivləşdirilib. Bu artıq o deməkdir ki,
müzakirəyə çıxarılsa da, çıxarılmasa da, Xocalı soyqırımına dair sənəd rəsmi sənəd kimi Avropa
Parlamentinin arxivində saxlanılır. Buna baxmayaraq bizim uzun zamandır etdiyimiz səylərimizə, əlaqələrimizə əsasən ümidimiz çoxdur ki, yaxın zamanda bu sənəd parlamentdə müzakirəyə çıxarılacaq və hansısa hüquqi qərar veriləcək”.

Bu sənəd Almaniya Bundestaqında da rəsmən qeydə alınıb: “Oradan da bizə bildirdilər ki, müraciət rəsmi sənəd olaraq müvafiq komitədə qeydə alınıb. Bizə bildirdilər ki, bu müraciətin müzakirəyə çıxarılması üçün davamı olaraq lazımı işləri görsək, onlar da bununla bağlı özlərindən asılı olan bütün addımları atacaqlar”.

Avropa Azərbaycanlıları Konqresinin sədri bildirib ki, bütün bu nailiyyət birbaşa Azərbaycan dövlətinin dəstəyi sayəsində baş tutur.

Müəllif | Apa.Tv
Apa.tv