Britaniya parlamentinin üzvü: “Xocalı faciəsi bir daha təkrarlanmamalıdır”

“Hökumətimizə təsir göstərməliyik ki, Böyük Britaniya hökuməti də öz növbəsində Minsk Qrupuna təsir etsin və münaqişə həllini tapsın”. Bu fikirləri Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kristofer Pinçer deyib. Avropa Azərbaycan Cəmiyyətinin dəvəti ilə Azərbaycana səfərindən məmnunluq hissi keçirdiklərini deyən Kristofer Pinçer Böyük Britaniya parlamentinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərini dəstəklədiyini vurğulayıb: “Ancaq bu, kifayət deyil. Hökumətimizə təsir göstərməliyik ki, Böyük Britaniya hökuməti də öz növbəsində Minsk Qrupuna təsir etsin, münaqişə həllini tapsın, insanlar torpaqlarına qayıda bilsinlər. Ərazi bütövlüyü amili tanınmalıdır. Bu, son dövrlər Avropada gündəmdə olan məsələdir”.

Xocalı soyqırımının Böyük Britaniya parlamentində tanınmasının mümkünlüyü barədə sualı cavablandıran Kristofer Pinçer buna ümid etdiyini söyləyib: “Böyük Britaniyada Avropa Azərbaycan Cəmiyyəti hər il Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirir. Həmin tədbirə Böyük Britaniya parlamentinin bir çox üzvü qatılır. İnsanlar Xocalıda nə baş verdiyindən xəbərdardırlar, bu faciə bir daha təkrarlanmamalıdır”.

5 gün ərzində Bakı və Qəbələdə olduqlarını, bir çox rəsmi şəxslərlə görüşdüklərini söyləyən dostluq qrupunun rəhbəri qeyd edib ki, ən yadda qalan görüşü prezident İlham Əliyevlə keçiriblər.

Krisrofer Pinçerin sözlərinə görə, nümayəndə heyəti Azərbaycanda inkişafın, insanların rifah halının yaxşılaşmasının şahidi olub.

Xatırladaq ki, britaniyalı parlamentarların ölkəmizə səfəri Avropa Azərbaycan Cəmiyyətinin dəvəti ilə gerçəkləşib.
 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı