Türkiyəni yenidən etiraz aksiyaları bürüdü
Türkiyənin İstanbul, Ankara, Adana və bir neçə şəhərlərində polis və etirazçılar arasında toqquşmalar olub. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, etiraz aksiyaları 2013-cü ilin mayında Taksim meydanında baş vermiş kütləvi etirazların ildönümü ilə əlaqədar təşkil olunub. İstanbulda asayiş keşikçiləri Taksim meydanı yaxınlığında minlərlə etirazçının qatıldığı aksiyanı rezin güllələr, gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edərək dağıdıb. Etirazçılar polis əməkdaşlarına daş, fişəng və "Molotov kokteyli" atıblar. İstanbuldakı iğtişaşlar zamanı ümümilikdə 120-dək etirazçı saxlanılıb, aksiya iştirakçıları arasında xeyli xəsarət alanların olduğu bildirilir. İstanbul Baş Polis İdarəsinin rəisi Selami Altınokun açıqlamasında əsasən, toqquşmalar zamanı biri polis rəisinin müavini olmaqla 4 asayiş keşikçisi xəsarət alıb.
Analoji hadisələr İzmir və Ankarada da yaşanıb. Polislə vətəndaşlar arasındakı toqquşmalarda hər iki tərəfdən xəsarət alanlar var.
Polis İzmirdə 65, paytaxt Ankarada isə 45 etirazçını saxlayıb.
Aksiyalar Türkiyənin böyük şəhərlərindən biri-Eskişeherdə də keçirilib. Küçələrə 5000-dək etirazçı çıxıb. Aksiyalar həmçinin Kayseri, İzmit, Sivas, Dənizli və bir neçə digər şəhərlərdə də keçirilib. Bu aksiyalarda etirazçı və asayiş keşikçiləri ciddi qarşıdurma müşahidə olunmayıb.
Qeyd edək ki, baş nazir Rəcəb Tayip Ərdoğan bundan əvvəl Taksim meydanında kütləvi etirazların ildönümü ilə əlaqədar aksiyaların keçirilməsinə qoyulan qadağanı pozmağa cəhd edən hər kəsin saxlanılacağını bəyan edib.