Bayraq Meydanının yaxınlığında faciə: gənc oğlanı maşın vurub öldürdü

Bakının Səbail rayonunda qadağan olunmuş yerdən yolu keçməyən istəyən piyadan canından olub. APA TV-nin məlumatına görə, hadisə Bayraq Meydanının yaxınlığında qeydə alınıb. Piyada keçidindən istifadə etməyən 20-25 yaşlarındakı oğlanı "90 HX 097" dövlət nömrə nişanlı "İnfiniti" vurub.

Zərbə o qədər güclü olub ki, piyada elə hadisə yerindəcə keçinib. Olay yerinə Səbail Rayon Polis İdarəsinin və Yol Polisi Şöbəsinin əməkdaşları gəliblər. İlkin araşdırmalar nəticəsində məlum olub ki, "İnfiniti"nin sürücüsü sürəti həddini aşıb. Piyada isə yaxınlıqdakı yeraltı keçidi qoyub, qaça-qaça yolu keçmək istəyib.

Ölümlə nəticələnən qəzaya səbəb olan sürücünün ifadəsi alınması üçün polis idarəsinə, avtomobili isə, evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb. Hələlik şəxsiyyəti müəyyən edilməyən gəncin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Səbail rayon şöbəsinə aparılıb. Eyni zamanda polis əməkdaşları tərəfindən soldakı sıxlıq aradan qaldırılıb, nəqliyyatın intensiv hərəkəti təmin edilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv