Abdulla Gül Amerikada çətin vəziyyətə düşdü

Harvard Universitetinin məzun günündə iştirak edən Türkiyə prezidenti Abdullah Gül çətin vəziyyətə düşüb. APA TV-nin məlumatına görə, prezident oğlu Mehmet Emre Gülün məzun törənində iştirak edib. O, eyni zamanda  gəlişi münasibəti ilə təşkil olunan “Bölgə gündəmləri, gələcəyə baxış” panelində çıxış edib. Toplantı iştirakçıları Gülə Türkiyənin, eləcə də Orta Doğunun çeşidli problemləri ilə bağlı xeyli sual da ünvanlayıblar.

 

Harvard Universitetinin Tibb Mərkəzində çalışan doktor Emre Altıntaşın təxminən 3 dəqiqəyə yaxın davam edən sualları prezidenti çətin vəziyyətə salıb: “Siz belə bir dövlətin başında olmaqdan utanmırsınızmı? Bizə burada necə demokratiya yalanları söyləyə bilirsiniz? Berkin Elvan 14 yaşındaydı. Sizin baş naziriniz 14 yaşında uşağa terrorçu deyir. Xahiş edirəm, sualım tərcümə edilsin”.

 

Prezident Gül sualı soyuqqanlılıqla izlədiyi zaman onun mühafizəçiləri Altıntaşa “sən insan deyilsən” deyə söz atıblar.

Sual salondakı 150 nəfər üçün tərcümə edildikdən sonra prezident Gülün cavabı gəlib. Prezident “indi sən məni dinlə. Kimsə sənə belə bir sual haqqı verməz” - deyərkən doktor Altıntaş “Türkiyədə təpiklənərdim” replikasını səsləndirib.

 

Qeyd edək ki, Abdullah Gülün  çıxışı zamanı bir qrup universitetinin qarşısında Türkiyə iqtidarı əleyhinə etiraz aksiyası keçirib.

 

Müəllif | Apa.Tv