Doktor Fethiye Ersan: “Körpənin dünyaya gəldiyi ilk iki dəqiqə çox önəmlidir”

"Türkiyədə körpə ölümü səviyyəsinin 0,07 % səviyyəsinə endirilməsi, uzun illər aparılan ardıcıl işlər nəticəsində mümkün olub. Bu faizin daha da azaldılması üçün həyata keçirilən işlərin davam etməsi ciddi bir təcrübə meydana gətirib. Biz də bu təcrübəni qardaş Azərbaycan cəmiyyəti ilə paylaşmaq zərurəti hiss etdik". Bu fikirləri APA TV-yə müsahibəsində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı Proqram Koordinasiya Ofisinin koordnatoru Mustafa Haşim Polat deyib.

"TİKA-nın qardaş Azərbaycanda həyata keçirdiyi layihələr arasında səhiyyə layihələri getdikcə artan bir əhəmiyyət qazanır. Sağlamlıq layihələri çərçivəsində, azərbaycanlı həkim , tibb bacısı və digər səhiyyə işçiləri üçün Türkiyə və Azərbaycanda müxtəlif mövzularda təhsil və təcrübə mübadiləsi proqramları, xüsusi maarifləndirmə proqramları təşkil edilib" .

"Körpənin dünyaya gəldiyi ilk anlar, xüsusilə ilk iki dəqiqə onun həyatda qalması, həyatının digər mərhələlərində sağlamlığı baxımından mühüm əhəmiyyət kəsb edir. Körpənin ana bətnindən kənardakı həyata uyğunlaşması üçün köməklik göstərilməsi üçün ilk dəqiqələr ən vacib dəqiqələrdir". Bu fikirləri isə İstanbul Mədəniyyət Universiteti, Göztəpə Təhsil Araşdırmalar Xəstəxanasının baş həkimi Fethiye Ersan deyib.

"Hər yeni doğulmuş körpənin keyfiyyətli bir reanimasiya əldə etmək hüququ vardır. Bu isə, öz növbəsində doğuş otağında müvafiq cihaz və ləvazimatların hər an hazır olması ilə birlikdə, burada işləyən tibb işçilərinin neonatal reanimasiya sahəsində bacarıqlı olmaları və həmahəng bir tibbi heyət kimi işləyə bilmələri vacibdir".

Layihə çərçivəsində, neonatal reanimasiya təlimindən əlavə, “Ana südü və əmizdirmənin əhəmiyyəti” mövzusunda tibb bacıları və mamalar üçün əmizdirmə məsləhətçiliyi təlim proqramı da təşkil olunub.

Mühazirələrdə 35 həkim və 24 tibb bacısı iştirak edib. Təlimləri vermək üçün Türkiyədən 6 mütəxəssis Azərbaycana ezam olunub. İştirakçılara müvafiq sertifikatlar təqdim edilib.

Qeyd edək ki, “Xoş gəldin, körpə” layihəsi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı Proqram Koordinasiya Ofisi, Azərbaycan Tibb Universiteti, “Lider Qadınlar” İctimai Birliyi, Beynəlxalq Həkimlər Birliyi (Alliance of International Doctors -AID ) və “Cəmiyyətin Sosial İnkişafına Mənəvi Dayaq” İctimai Birliyi və Dr. Fethiye Ersan Tüp Bebek Mərkəzinin tərəfdaşlığı ilə reallaşıb.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı