Prezident İlham Əliyev və İsveçrə prezidenti arasında təkbətək görüş olub - YENİLƏNİB

Azərbaycana rəsmi səfərə gələn İsveçrə Konfederasiyasının prezidenti Didye Burkhalterin rəsmi qarşılanma mərasimi olub. Rəsmi qarşılanma mərasimindən sonra iki ölkənin dövlət başçılarının təkbətək görüşü olub. Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, qarşılıqlı görüşlərin və səfərlərin əhəmiyyəti qeyd olunub. Daha sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

 

Azərbaycan prezidenti İlham Əliyev bu səfərin çox mühüm əhəmiyyət kəsb etdiyini bildirib: "Bu, çox uğurla inkişaf edən və bir çox sahələri əhatə edən ikitərəfli əlaqələrimizi bir daha nəzərdən keçirmək üçün yaxşı imkandır. Əminəm ki, qarşıdakı illərdə ikitərəfli əlaqələrimiz daha da güclənəcək. Çünki əlaqələrimizi inkişaf etdirmək üçün güclü siyasi iradə var”.

 

Dövlət başçısı bildirib ki, iki ölkə arasında tərəfdaşlığın mahiyyəti həqiqətən artır, bir çox sahələri - siyasi, iqtisadi, investisiya və mədəniyyət sahələrini əhatə edir: “Buna görə mən əminəm ki, qarşıdakı illərdə biz son bir neçə ildə sürətlə inkişaf edən yaxın tərəfdaşlıq əlaqələrini davam etdirəcəyik. Bu gün biz əlaqələrimizi genişləndirmək üçün yaxşı perspektivləri, xüsusilə qarşılıqlı investisiya və birgə müəssisələr sahəsində, o cümlədən artıq başlayan və çox səmərəli olacaq enerji sahəsində əməkdaşlığı da müzakirə etdik. Siz həm də ölkəmizə ATƏT-in sədri kimi səfər edirsiniz. Ümid edirik ki, Sizin regiona səfəriniz çox səmərəli olacaq, regionumuzda müsbət meyllərin inkişafına, xüsusilə də münaqişələrin həlli baxımından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin inkişafına öz töhfəsini verəcək”.

 

Öz növbəsində, İsveçrə prezidenti Azərbaycana ilk dəfə səfər etdiyini deyib: “Bu, ətraflı tanışlıq səfəri olmayacaq. Əminəm ki, biz bir daha səfər edəcəyik və regionunuzu, ölkənizi, Bakı şəhərini daha yaxından öyrənmək üçün daha çox vaxtımız olacaq”.

 

Müəllif | Apa.Tv
Apa.tv