Azad Rəhimov: "Dövlət Proqramının həyata keçirilməsinə 80 milyon vəsait ayrılıb"

Bakıda Azərbaycan Gənclərinin VII Forumu başlayıb. Tədbirdə Prezident İlham Əliyevin Azərbaycan Gənclərinin VII Forumunun iştirakçılarına ünvanladığı təbriki məktubunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə oxuyub. APA TV-nin məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov bildirib ki, XXI əsr bütün hadisələrin, prioritetlərin və beynəlxalq vəziyyətin böyük sürətlə dəyişməsi ilə seçilir. Onun sözlərinə görə, 2011-2015-ci illəri əhatə edən "Azərbaycan gəncliyi" Dövlət Proqramı uğurla həyata keçirilir.

 

"Azərbaycan hökuməti 5 illik "Azərbaycan gəncliyi" Dövlət Proqramının həyata keçirilməsinin maliyyə dəstəyini təmin edib, bunun üçün 80 milyon vəsait ayırıb. VI forumdan keçən 31 ay ərzində gənclər siyasətinin müxtəlif sahələrini əhatə edən 343 tədbir keçirilib, onlardan 254-ü ölkə səviyyəli, 89-u beynəlxalq tədbir olub. Onlarda hər il orta hesabla 200 mindən artıq gənc iştirak edib. Bu müddətdə 6 mindən çox gənc beynəlxalq mübadilədə iştirak edib. Səslənən rəqəmlər yalnız nazirliyin fəaliyyətini əks etdirir".

 

Nazir bildirib ki, 2 iyul 2013-cü il tarixində prezident tərəfindən "Gənclər üçün Prezident Mükafatı" təsis edilib, hər biri 10 min manat olmaqla 6 mükafat elm, təhsil, mədəniyyət və ictimai fəaliyyəti sahəsində xüsusi nailiyyətləri olan ilk laureatlara təqdim edilib. YAP Gənclər Təşkilatının sədri Seymur Orucov bildirib ki, hazırda Yeni Azərbaycan Partiyasının (YAP) 6 yüz minə yaxın üzvü var ki, onların 250 min nəfəri gənclərdir. 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova