Bakıda müəllimlərin imtahan verəcəyi tarixlər açıqlandı

Təhsil Nazirliyi bu ay Bakı şəhər müəllimlərinin sınaq qiymətləndirilməsinin keçiriləcəyi vaxtı açıqlayıb. APA TV-nin xəbərinə görə, nazirliyin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib ki, müəllimlərin sınaq qiymətləndirilməsinə iyunun 10-dan başlanacaq və imtahanlar 4 gün davam edəcək. İyunun 10-u, 11-i, 12-si və 13-də bütün fənn müəllimləri eyni vaxtda imtahan verəcək. O bildirib ki, müəllimlərin işə qəbulu qaydaları və yerdəyişməsi təhsil nazirinin əmri ilə tənzimlənir: "Hazırda müəllimlərin bir şəhərdən digərinə yerinə dəyişməsi ilə bağlı sənədlərin qəbulu aparılır. Namizədlər yerini dəyişmək üçün bu gündən “Elektron ərizələri” doldururlar. Ərizə qəbulu başa çatandan sonra onlarla müsahibə aparılacaq. Əgər hər hansı vakansiyyaa 1-dən artıq namizəd sənəd verərsə, onların peşəkar bilikləri ilə bağlı qiymətləndirməsi də olacaq".

 

Nazirlik rəsmisi qeyd edib ki, Azərbaycanda müəllimlərin işə qəbulu üzrə 2600-ə yaxın vakant yer elan olunub. Onun sözlərinə görə, müəllimlərin yerdəyişməsi prosesi aparılandan sonra həmin yerlər bir daha təhlil olunacaq və yerlərin sayında müəyyən azalma olacaq. İyulun 1-dən 15-dək təkrar vakant yerlər elan olunacaq. İlham Nağıyev deyib ki, hazırda Azərbaycanda ən çox yerini dəyişmək istəyənlər ibtidai sinif müəllimləridir. Bölgələrdən Bakıya yer dəyişmək istəyən müəllimlər çoxdur.

 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova