Bakıda piyada keçidi uçdu: xəsarət alan var

İyunun 2-də saat 18 radələrində Bakının Səbail rayonu ərazisində piyada keçidi uçub. APA TV-nin məlumatına görə, hadisə Salyan şossesində, "Min bir gecə" istirahət mərkəzinin qarşısında baş verib. Körpü qaldırıcı kranın ona çırpılması nəticəsində uçub.

"Azəryolservis" ASC-nin sədr müavini Vaqif Hacıyev deyib ki, qaldırıcı kran yüksək sürətlə piyada keçidinə çırpılıb, nəticədə keçid uçub: " Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır və yaxın saatlarda yolun açılacağı gözlənilir".

Hadisə nəticəsində xəsarət alan var. Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, yerüstü piyada keçidinin uçması nəticəsində "MAN” markalı avtomobilin sürücüsü, 1985-ci il təvəllüdlü İlkin Həsən oğlu Hüseynov xəsarət alıb və o, Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Klinik Tibbi Mərkəzdən APA-ya bildirilib ki, İlkin Hüseynov kəllə beyin travması diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi də bir nəfərin xəsarət aldığını təsdiqləyib. İdarənin Yol-Patrul Xidməti Alayanın komandiri, polkovnik Nadir Piriyev deyib ki, Qaradağ istiqamətində gedən avtomobil körpü aşan vaxt ordan keçib: "Körpü maşının üstünə düşüb və sürücü xəsarət alıb".

Nadir Piriyev onu da deyib ki, piyada keçidi hələ istifadəyə verilmədiyi üçün  piyadaların oradan keçməsinə icazə verilməyib.

Hadisə nəticəsində Salyan şossesi bağlanıb və bu səbəbdən Bakının müxtəlif ərazilərində tıxaclar əmələ gəlib

N. Piriyev deyib ki, şəhərin giriş-çıxışı bağlandığından, nəqliyyat vasitələrinin hamısı Kənar Dairəvi yola istiqamətləndirilib. Hərəkətin tənzimlənməsi üçün əlavə qüvvələr cəlb edilib. 

Fövqəladə Hallar Nazirliyi də hadisə ilə bağlı rəsmi məlumat yayıb. Məlumatda deyilir ki, Bakı-Salyan yolu üzərində  quraşdırılmış yerüstü piyada keçidinin çökməsi nəticəsində yük avtomobili dağıntılar altında qalaraq ağır deformasiyaya uğrayıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yük avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsinin içərisində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər zərərçəkmişi deformasiyaya uğramış avtomobilin içərisindən çıxarıblar.

 

 

Müəllif | Apa.Tv