Azәrbaycanın birinci xanımı Roma papasını Azәrbaycana dәvәt etdi
İtaliyada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Roma Papası Fransisk ilə görüşüb.
Azərbaycan ilə Vatikan arasında ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyini məmnunluqla qeyd edən Mehriban Əliyeva bu əməkdaşlığın mədəni irsin qorunması sahəsində daha da genişləndiyini vurğulayıb. Heydər Əliyev Fondu tərəfindən Azərbaycan ilə yanaşı, dünyanın bir sıra ölkələrində həyata keçirilən mühüm layihələr barədə Roma Papasına məlumat verən Azərbaycanın birinci xanımı qurumun bir çox istiqamətlərdə, o cümlədən sosial və humanitar sahələrdə mühüm işlər gördüyünü diqqətə çatdırıb.
Azərbaycanın birinci xanımı Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş soydaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən də danışıb.
2002-ci ildə Roma Papası II İohann Pavelin Azərbaycana tarixi səfərini xatırladan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu səfərin iki dövlət arasında mövcud əməkdaşlığa töhfə verdiyini bildirib və Roma Papası Fransiski də Azərbaycana səfərə dəvət edib. Mehriban Əliyevanın dəvətini qəbul edən Roma Papası Fransisk Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti ilə bağlı məlumatlı olduğunu qeyd edib.
Azərbaycanın birinci xanımı Vatikan Apostol Kitabxanası ilə də tanış olub. Vatikan Apostol Kitabxanasının direktoru Jan Lui Bruqes məlumat verərək bildirib ki, dünyada tanınan ən qədim kitabxanalardan olan Vatikan Apostol Kitabxanasının əsası 1475-ci ildə qoyulub. Burada tarixin müxtəlif dövrlərinə aid 1 milyondan artıq kitab saxlanılır. 2007-ci ilin iyulunda bağlanan kitabxana 2010-cu ilin sentyabrında yenidən ziyarətçilər üçün açıq elan olunub. 2014-cü ilin martından kitabxanada olan 3 mindən artıq nüsxənin rəqəmsallaşdırılmasına başlanılıb. Bu prosesin dörd il ərzində həyata keçirilməsi nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, kitabxanada mövcud olan bir çox əlyazmalar, o cümlədən Azərbaycana və regiona aid müxtəlif əlyazmalar Heydər Əliyev Fondun dəstəyi ilə bərpa olunmaqdadır. Birinci mərhələdə 48, ikinci mərhələdə 16 əlyazma bərpa olunur. Üçüncü mərhələdə isə 11 əsərin bərpası həyata keçiriləcək.
Azərbaycanın birinci xanımına 50-yə yaxın qədim əlyazmanın bərpa olunmuş variantları təqdim edilib.
Sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Vatikan Apostol Kitabxanasının direktoru Jan Lui Bruqes “2015-2016-cı illərdə yeni əlyazmaların bərpa edilməsi və onların rəqəmsallaşdırılması”na dair yeni müqavilə imzalayıblar.