Bakıda iki maşın toqquşdu: sərxoş kişi yaralı sürücünü döydü

Gecə saatlarında Suraxanı rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, qəza Hövsan-Zığ yolunun Qum adasına gedən hissəsində qeydə alınıb. 24 yaşlı Kamran Qasımov "VAZ 2107" markalı avtomobillə Hövsan qəsəbəsindən Əhmədli qəsəbəsi istiqamətində hərəkətdə olarkən, əks istiqamətdə yüksək sürətlə hərəkətdə olan Füzuli Museyibovun idarə etdiyi "VAZ 21099" markalı avtomobillə toqquşub. Zərbənin təsirindən idarə etməni itirən "VAZ 2107"-nin sürücüsü maşını yolun kənarında istifadəyə yararsız olan işıq dirəyinə çırpıb.

Nəticədə "VAZ 2107"-nin sürücü Kamran Qasımov ağır, "VAZ 21099"-da olan sürücü Füzuli Museyibov, onun sərnişini, 14 yaşlı Səkinə Qədimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəzadan sonra sürücülər arasında mübahisə yaranıb və "VAZ 21099"-un sərxoş sürücüsü Füzuli Museyibov "VAZ 2107"-nin sürücüsünü avtomobildən yaralı vəziyyətdə çıxararaq döyməyə başlayıb. Səs-küyə gələn qəsəbə sakinləri yaralı sürücünü Füzuli Museyibovun əlindən alıblar. Sakinlər sakitləşmək bilməyən sərxoş sürücünü döyüblər.

Hadisə yerinə gələn polis əməkdaşları da sürücünü çətinliklə sakitləşdirə biliblər.

"VAZ 2107"-nin sürücünün vəziyyəti ağır olduğundan, 1 saylı Şəhər Kliniki xəstəxanasına çatdırılıb. Digər yaralıların xəsarətləri isə yüngül olduğu üçün onlara hadisə ilkin tibbi yardım göstərilib.

Qəzanın səbəbinə gəlincə, hadisə yerində olan YPX-nin əməkdaşlarının sözlərinə görə, qəza "VAZ 21099"-un sürücüsünün avtomaşını içkli idarə etməsi və ötmə əməliyyatını düzgün yerinə yetirməməsi üzündən baş verib.
 

Müəllif | Apa.Tv