Bakıda regionun enerji sektorunun ən iri tədbiri keçirilir

Paytaxtda Xəzəryanı regionun enerji sektorunun ən iri tədbiri - XXI Beynəlxalq Neft və Qaz Sərgi və konfransı öz işinə başlayıb. APA TV-nin məlumatına görə, sərgi hər il neft və qazın hasilatı, emalı, daşınması və maddi-texniki təchizatı, habelə servis xidmətləri sahəsində qabaqlayıcı texnologiyaların nümayişi, eləcə də neft-qaz bazarının inkişaf təmayülləri, Xəzəryanı regionda potensial əməkdaşlıq imkanları və dünya enerji təhlükəsizliyi problemlərinin həlli perspektivlərinin müzakirəsi üçün neft sənayesinin aparıcı mütəxəssis və liderlərini bir arada toplayır.

Dünyanın 29 ölkəsindən 402 şirkətin iştirak etdiyi sərgi meydançasının 70 faizdən çoxu dünyada məşhur olan şirkətlər tərəfindən tutulub və onlar arasında "Əsrin Müaqviləsi"nin iştirakçıları da var. Bunlar əsasən "ARDNŞ", "BP", "Statoil ", "Lukoil" kimi dünyaca tanınan şirkətlərdir.

Sərgi iştirakçılarının ümumi sayının 35 faizini yerli şirkətlər təşkil edir. Ümumiyyətlə, sərginin bütün ekspozisiyası üzrə artım 100 faizdir. "Bakı Ekspo Mərkəzi"nin 3 pavilyonunu və xarici meydançasını əhatə edən sərginin ekspozisiyası neft hasilatı və enerji resurslarının nəqli sahəsində innovasiyalı texnologiyalar, neft və qazın saxlanılması üçün sistemlərin təmin edilməsi, regionda mövcud və gələcək neft-qaz layihələri tematik bölmələrindən ibarətdir. Qeyd edək ki, sərgi 6 iyun tarixinə kimi keçiriləcək. 

Müəllif | Apa.Tv