Obamadan Bakıda keçirilən "Neft və Qaz-2014" sərgisinin iştirakçılarına məktub
ABŞ Prezidenti Barak Obama XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 sərgisinin iştirakçılarına təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda Azərbaycanın dünyanın enerji resursları ilə təchizatının təmin edilməsində mühüm rol oynadığını vurğulayan Ağ Evin sahibi Azərbaycanın yaxın 2 ildə bu sahədə Avropanın böyük təchizatçısı olacağını qeyd edib. Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinin Azərbaycanla beynəlxalq tərəfdaşlar arasında gərgin iş və sıx əməkdaşlıq tələb etdiyini bildirən Obama qeyd edib ki, ABŞ bu layihənin həyata keçirilməsinə Avropaya qaz ixracının genişləndirilməsi yolunda vacib addım kimi baxır və kömək etməyə hazırdır. ABŞ prezidenti vurğulayıb ki, enerji resurslarının təchizatçısı kimi Azərbaycanın rolu iqtisadiyyatın diversfikasiyasına yardım edəcək. O, ABŞ-ın bu sahələrdə Azərbaycanla əməkdaşlığı qiymətləndirdiyini bildirib. Böyük Britaniyanın baş naziri Devid Kemeron da XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 sərgisinin iştirakçılarına təbrik məktubu göndərib. Baş nazir məktubunda qeyd edib ki, enerji Avropa ölkələrinin iqtisadi rifahı və inkişafı üçün çox mühüm faktordur və Azərbaycan qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizi layihəsi Avropa üçün həyati əhəmiyyətə malikdir. O, 2014-cü ildə Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması üçün bir çox işin görülməli olduğunu da vurğulayıb. Qeyd edək ki, ABŞ prezidenti Barak Obama hərbi xərclər üçün əlavə 1 milyard dolların ayrılması məqsədi ilə Konqresə müraciət edib. APA-nın məlumatına görə, bu vəsait Şərqi Avropada ABŞ hərbi mövcudluğunun gücləndirilməsinə yönəldiləcək. Obamanın təşəbbüsü ABŞ qoşunlarının maliyyələşməsinin artırılması ilə yanaşı NATO-ya daxil olmayan ölkələrin, o cümlədən Ukrayna, Gürcüstan və Moldovanın potensialının gücləndirilməsini nəzərdə tutur.