“Aqrolizinq”də 1 milyon manatlıq yeyinti
Azərbaycan Baş Prokurorluğu “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində yol verilmiş qanun pozuntuları ilə bağlı növbəti məlumat yayıb. APA TV-nin xəbərinə, məlumatda deyilir ki, Cəmiyyətin Şəki rayon Regional Aqroservis və Təchizat bazasının müdirinin yol verdiyi qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı davam etdirilir. Kənd Təsərrüfatı Nazirliyinin Şəki ərazi kənd təsərrüfatı idarəsinin rəisi Cavanşir Qurbanovun “Aqrolizinq” ASC-nin Şəki rayon Regional Aqroservis və Təchizat bazasının müdiri vəzifəsində işlədiyi dövrdə kənd təsərrüfatı məhsullarının istehsalçılarına güzəştli şərtlərlə satılması nəzərdə tutulan mineral gübrələri digər fiziki və hüquqi şəxslərə sataraq əldə etdiyi 64 min manat məbləğində pulu mənimsəməkdə, həmçinin ayrı-ayrı fiziki və hüquqi şəxslərə satdığı 987 min 480 manat məbləğində mineral gübrələrin dəyərinin dövlət büdcəsinə ödənilməsini təmin etməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrində nəzərdə tutulan ittiham elan edilib. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.