Azərbaycan prezidenti Bakıda keçirilən Neft və Qaz sərgisi ilə tanış olub
“Beynəlxalq Neft və Qaz Sərgisində iştirak edən xarici şirkətlərin sayı artır. Çünki Azərbaycanın neft və qaz sektoru inkişaf edir, qarşıda duran vəzifələr həll edilir, yeni vəzifələr ortaya çıxır”.
APA TV-nin xəbərinə görə, bunu Bakı Exspo Mərkəzində keçirilən XXI Beynəlxalq Neft və Qaz sərgi və konfransının açılışında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib. Dövlət başçısı bildirib ki, 1994-cü ildən neft-qaz sektorunda böyük uğurlara imza atılıb. Bu gün ölkəmizin imkanları bölgədə neft-qaz siyasətinin müəyyən edilməsində əhəmiyyətli rol oynayır. Azərbaycan hər zaman istehsalçıların, tranzit ölkələrin və istehlakçıların maraqlarını uzlaşdırmağa çalışır.
Azərbaycanın dünya neft ölkəsi kimi tanındığını söyləyən prezident bu gün Azərbaycanın Avropa və dünyada daha çox qaz istehsalçısı kimi tanındığını da vurğulayıb. İlham Əliyev bildirib ki, “Şahdəniz” qaz yatağı dünyanın ən böyük qaz yataqlarından biridir və ölkənin qaz potensialının 50 faizini təşkil edir. Digər böyük qaz yataqları Ümid, Abşeron və digər yataqlarda qaz ehtiyatı ən azı 2,5 trilyon kubmetrə bərabərdir. Bu isə Azərbaycan və Avropanın uzun müddətli enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayacaq: “Bizim 7 növ qaz kəmərimiz var ki, bu da bütün istiqamətlər üzrə bizim resurslarımızı nəql edir. Ehtiyatlarımız üçün regional bazarlar kifayət etmir, daha böyük bazarlara çıxmalıyıq. Cənub Qaz Dəhlizinin reallaşması bu gün böyük dərəcədə “Şahdəniz” qaz yatağından asılıdır. Bu yatağın işlənilməsi ilə bağlı bütün məsələlər həllini tapıb. Azərbaycan öz qazının Avropaya nəqli ilə bağlı layihələrin həyata keçməsində maraqlıdır. TANAP layihəsinin reallaşması üçün böyük səy göstərmişik. 2012-ci ildə Azərbaycan və Türkiyə arasında müqavilə imzalanıb, artıq praktiki işlərə başlanıb”.
TANAP və TAP Avropaya yeni mənbədən qaz gətirəcək. İlkin hesablamalara görə, bunun üçün 45 milyard dollar sərmayə nəzərdə tutulub. TANAP-da ən böyük səhmdar Azərbaycandır. Azərbaycan həm düşünülmüş siyasət həyata keçirir, həm də maliyyə resurslarını təmin edir.
Prezident İlham Əliyev bildirib ki, neft-qaz sektorundan əldə edilmiş gəlirlər xalqın rifah halının yaxşılaşmasına, infrastruktur layihələrə yönəlib.
Daha sonra prezident İlham Əliyev sərgi ilə tanış olub.