İmranın babası məhkəmədə “Nabran Holiday Village”dən 1,5 milyon manat təzminat istədi
Xaçmaz Rayon Məhkəməsində ötən il iyulunda “Nabran Holiday Village” istirahət mərkəzində baş verən faciə ilə bağlı tutulan şəxslərin növbəti məhkəmə prosesi keçirilib.
APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri dinlənilib.
İmran Cəfərzadənin anası Nuridə Cəfərova ifadəsində bu işdə günahkar şəxslərin cəzalandırılmasını xahiş edib. N. Cəfərova ailəsinin və 3 yaşlı İmranın baş verən hadisə zamanı fiziki və mənəvi əzab çəkdiyini bildirib.
Vəkillər şahidə suallar verərkən zərərçəkən şəxsin nümayəndəsi - Nuridə Cəfərovanın atası Cavanşir Cəfərovla vəkil Kamandar Nəsibov arasında mübahisə yaranıb. C.Cəfərov vəkilin suallarına etiraz edib. O, qızının halının pis olduğunu əsas gətirərək onu məhkəmə zalından uzaqlaşdırıb.
İmranın nənəsi Sənubər Baxşıyeva istintaqa verdiyi ifadəni təsdiqləyib. O bildirib ki, hadisədən sonra Aslan Hacıməmmədkərimov uşağı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırmağa kömək edib. Daha sonra növbəti şahid ifadələrini dinlənilib.
Növbəti məhkəmə prosesi iyun ayının 6-na təyin olunub.
Qeyd edək ki, İmran Cəfərzadənin babası Cavanşir Baxşıyev məhkəmədən “Nabran Holiday Village”nin dəymiş ziyana görə 1,5 milyon manat təzminat ödəməsini istəyib.
Hadisə bağlı 4 nəfər - Xaçmaz rayonu Xudat şəhər sakini Aslan Hacıməmmədkərimov, obyektin icarədarı, Xaçmaz rayonu Xudat şəhər sakini İbrahimov Firdovsi Ağamusa oğlu, Əhmədov Ramiz Süleyman oğlu və Sumqayıt şəhər sakini Rəşad Zərbəliyev təqsirləndirilən şəxs qismində barələrində həbs qətiimkan tədbiri seçilib.