Bakıda “VAZ 2105” piyadanı vuraraq işıq dirəyinə çırpılıb, 4 nəfər xəsarət alıb
Bakıda piyada keçidindən istifadə etyməyən yaşlı qadın qəzanın qurbanı olub. APA TV-nin məlumatına görə, hadisə Səbail rayonu, Bayraq Meydanının yaxınlığında qeydə alınıb. Yaxınlıqdakı piyada keçidindən istifadə etməyən yaşlı qadın yolu keçmək istəyib. Bu zaman üzü “20-ci sahə” istiqamətində hərəkət edən “VAZ 2105” markalı avtomobilin sürücüsü onu vurub. Sürücü idarəetməni itirərək yoldakı işıq dirəyinə çırpılıb. Qəza nəticəsində sürücü və avtomobildə olan digər iki nəfər xəsarət alıb. Yaralılar 1 saylı şəhər kliniki xəstəxanasına aparılıblar. Hadisə yerinə Dövlət Yol Polisinin Səbail Rayon Şöbəsinin əməkdaşları gəliblər. Şahidlərinin sözlərinə görə, yaxınlıqdakı piyada keçidində işıqlandırma olmadığından yaşlı qadın yolu keçmək istəyib. Bu zaman onu maşın vuraraq yol kənarına atıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.