Yeniyetmələr Qəbələdə yarışdı

Qəbələdə Fövqaladə Hallar Nazirliyinin  Şimal-qərb Regional Mərkəzində “Gənc xilasedici və yanğınsöndürənlər” yarışlarının final mərhələsi keçirilib. APA TV-nin xəbərinə görə, yarışlar Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə Qəbələdə FHN-nin Şimal-qərb Regional Mərkəzində təşkil edilib. Yarışın keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma, gənc nəslə hərbi-vətənpərvərlik ruhunun aşılanması və məktəblilər arasında sağlam həyat tərzinin təbliğidir.

 

Yarış orta və ümumtəhsil müəssisələrinin şagirdləri arasında fövqəladə hallara hazırlıq sahəsində fiziki və intellektual müsabiqələrdən ibarət olub.

 

Yarışda Şimal-qərb Regional Mərkəzinə daxil olan 10 rayonun məktəblər arası-rayon turunda qalib olmuş komandaları mübarizə aparıblar. Gərgin mübarizə və yüksək idman əhval-ruhiyyəsi ilə başa çatan yarışda münsiflər heyətinin qərarı ilə “Gənc xilasedici və yanğınsöndürən” yarışının zona birinciliyində İsmayıllı rayonunun komandası 1-ci, Qobustan rayonunun komandası 2-ci, Qax rayonunun komandası 3-cü yerləri tutaraq yarışın kuboklarını qazanıblar.

 

Yarışda fərqlənmiş komandalar Fövqəladə Hallar Nazirliyi Şimal-qərb Regional Mərkəzi və Qəbələ rayon Gənclər və idman idarəsi tərəfdən  kubok və diplomlarla təltif olunub. I və II yeri tutan İsmayıllı və Qobustan rayonlarının komandaları  Heydər Əliyevin 91 illik yubileyi münasibətilə keçiriləcək "Gənc xilasedici və yanğınsöndürən" ümumrespublika yarışlarında iştirak etmək hüququ əldə ediblər.

 

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov