Natiq Əliyev: "Azərbaycan Türkiyəyə elektrik enerjisi ixrac edə bilər"
“Qarşıda duran ilk vəzifələrdən biri Azərbaycanı gələcəkdə enerji ixracatçısı ölkəsinə çevirməkdir. Hazırda Azərbaycanın enerji sisteminin gücü 7105 meqavatt təşkil edir ki, bu da respublikanın elektrik enerjisinə olan tələbatını 1500 meqavatt üstələyir".
APA TV-nin xəbərinə görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev Bakıda keçirilən "XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014" beynəlxalq konfransında deyib. Onun sözlərinə görə, ölkə hər il 22 milyard kilovatt/saata yaxın elektrik enerjisi istehsal etməyə qadirdir ki, bu da 2 milyard kilovatt/saat həcmində ixrac potensialı yaradır: "Bu gün artıq imkan yaranır ki, Azərbaycan Türkiyəyə enerji ixrac etsin. Hazırda dövlət səviyyəsində Azərbaycan-Gürcüstan-Türkiyə arasında danışıqlar aparılır. Hansı həcimdə ixrac əməliyyatlarının keçirilməsi və qiymət məsələləri müzakirə edilir".
Energetika naziri əlavə edib ki, "Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü" layihəsi çərçivəsində aparılan texniki işlər Türkiyəyə, perspektivdə isə Avropaya elektrik enerjisi ixracının təmin edilməsinə imkan verir. Bu layihə çərçivəsində Türkiyəyə 1200 meqavat elektrik enerjisinin tədarükünü nəzərdə tutur. 2015-ci ildən Azərbaycan Türkiyəyə ehtiyac olduğu təqdirdə enerji ixracına başlayacaq.