Aydın Əliyev: "Ölkəyə gətirilən avtomobillərin sayı azalır"

Azərbaycana gətirilən avtomobillərin sayında hələ də azalma müşahidə olunur. APA TV-nin məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib. Onun sözlərinə görə, bu ilin may ayında da azalma qeydə alınıb: "Amma mənə elə gəlir ki, bazar boş qalmayacaq. İdxal olunan maşınlar yalnız ilinə görə ölkəyə idxal olunmur. Orada maşınlar müayinədən keçir. Yoxlamalarda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları ilə birgə lazımi nəzarət tədbirləri həyata keçirilir".

 

Gömrük Məcəlləsinin hazırlanmasına gəlincə komitə sədri deyib ki, məcəllə üçün nəzərdə tutulan 59 sənədin 58-i artıq qəbul olunub: "59-cu sənəd də artıq hazırdır. Təkcə imzalanması qalıb. Bildiyimiz kimi, ölkə başçısının tapşırığına əsasən xarici ticarətin daha da liberallaşdırılması, sahibkarlara dəstək məqsədilə müəyyən qanunvericilik aktlarına dəyişikliklər gözlənilir. Onlar qəbul edildikdən sonra bu sənəd də imzalanacaq”.

 

Aydın Əliyev qeyd edib ki, Ümumdünya Ticarət Təşkilatı gömrük sahəsi ilə bağlı Azərbaycanın qarşısına iki məsələ qoyub. Birincisi üçpilləli gömrük vergilərinə keçmək, ikincisi isə əqli mülkiyyətlə bağlıdır. Əqli mülkiyyətlə bağlı məsələ köhnə Gömrük Məcəlləsində əksini tapmışdı. Bu, yeni məcəllədə də olacaq. O ki qaldı, gömrük vergi tutma qaydasının yaradılmasına, artıq bununla bağlı Nazirlər Kabinetinə təkliflər göndərilib.

Müəllif | Apa.Tv