Qəbələdə 10 ölkənin fövqəladə hallar üzrə rəsmi nümayəndələri bir araya gəldi
İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) təşəbbüsü və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə Qəbələ şəhərində “İqtisadi Əməkdaşlıq Təşkilatının Fəlakət Riskinin İdarə Olunması üzrə 7-ci Beynəlxalq Konfransı” başlayıb. APA TV-nin məlumatına görə, konfransda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın fövqəladə halların idarə edilməsi sahəsində cavabdeh dövlət qurumlarının rəhbər şəxsləri və nümayəndələri iştirak edib. Konfransda fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Şamil Ələskərov, Türkiyə baş nazirinin müavini Bəşir Atalay, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Bernardus Bruk da iştirak edir. Kəmaləddin Heydərov İƏT ilə Azərbaycan arasında iqtisadi, texniki və mədəni sahələrdə əməkdaşlığın 20 ildən artıqdır ki, uğurla həyata keçirildiyini bildirib. Dünyanın müxtəlif ölkələrində baş verən hadisələrin həm maddi itki, həm də insan itkisi gətirdiyini deyən nazir beynəlxalq əməkdaşlığın zəruri olduğunu bildirib.
"Fövqəladə Hallar Nazirliyi fövqəladə halların effektiv təşkili məqsədi ilə maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr potensialının gücləndirilməsi, fövqəladə hallarla bağlı təcrübə mübadiləsinin həyata keçirilməsi, qarşılıqlı yardımların təmin üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsində hər zaman maraqlıdır. Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü humanist siyasətin bir hissəsi olaraq xaricdə baş verə biləcək iri həcmli fövqəladə hallarda axtarış-xilasetmə işlərində çevik şəkildə iştirak edir. Habelə beynəlxalq yardım əməliyyatlarını həyata keçirmək üçün nazirliyin tərkibində hər cür texnika və avadanlıqlar, təyyarə və helikopterlə təchiz olunmuş, xüsusi beynəlxalq axtarış-xilasetmə dəstəsi yaradılıb".
Konfransın keçirilməsində əsas məqsəd zəlzələ, sel, daşqın, iqlim dəyişikliyi və digər fövqəladə hal risklərinin idarə olunması sahəsində son nailiyyətləri bölüşmək, hökumət və qeyri-hökumət nümayəndələri və ekspertlər arasında məlumat mübadiləsi aparmaqdır. Tədbirdə Azərbaycanın FHN-nin fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.