Rövnəq Abdullayev: "Heydər Əliyev adına Neft Emalı Zavodunun ömrünü uzatmağa çalışırıq"

Bakı-Dağıstan avtomobil yolunun tikintisində aparılan təmir işləri ilə əlaqədar olaraq Rusiyaya ixracı dayandırılan Azərbaycan qazı yenidən bərpa edilib. APA TV-nin bunu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, ixracın həcmi sutkada 2 milyon kubmetrə bərabərdir. Dövlət Neft Şirkətinin prezidenti bildirib ki, Azərbaycanda yeni zavodlar inşa etmək vacibdir.

 

"Heydər Əliyev adına Neft Emalı Zavodunun ömrünü uzatmağa çalışırıq. Bunun üçün də modernizasiya etmək lazımdır. Məqsədimiz yeni zavodlar işə salınana qədər "Avro 4", "Avro-5" standartlarına cavab verən benzin istehsal etməkdir. Yeni neft emalı zavodları 2023-cü ildə işə salınacaq. O müddətə kimi bu yenilənmə işlərini yekunlaşdırmalıyıq”.

 

Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz neft yataqları blokunun işlənməyə başladığı vaxtdan indiyədək oradan 360 milyon ton neft hasil olunduğunu deyən Rövnəq Abdullayev bildirib ki, bu dövrdə blokdan 96 milyard kubmetr qaz əldə edilib. Proqnozlara görə, blokda neft hasilatının illik həcmi 34-35 milyon ton olacaq. İstismar müddətini başa vuran bir sıra neft və qaz yataqlarında yenidən istehsala başlandığını söyləyən Rövnəq Abdullayev deyib ki, vaxtilə Bulla yatağında işlər tamamilə dayandırılıb. Lakin 90 nömrəli kəşfiyyat quyusunda yanğın baş verəndən sonra alt qatlarda 20 milyard kub metr qaz aşkarlanıb. Bu isə o deməkdir ki, Azərbaycanın köhnə yataqlarının potensialı var.

 

Müəllif | Apa.Tv