MDB ölkələrinin Gömrük Xidməti Rəhbərləri Bakıdadırlar

Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Gömrük Xidməti Rəhbərləri Şurasının 59-cu iclası keçirilib. APA TV-nin məlumatına görə, Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev tədbirin açılışında bildirib ki, bu tədbirin Azərbaycanda keçirilməsi çox təqdirəlayiq işdir. O, qeyd edib ki, müzakirəyə 12 məsələ çıxarılıb. Tədbirin gündəliyinə əsasən 2014-cü il üçün MDB üzv dövlətlərinin Gömrük Xidməti Rəhbərləri Şurasının katibinin təyin edilməsi, bundan öncəki şurada qəbul edilən qərarların yerinə yetirilməsi vəziyyəti haqqında Şura Katibinin məlumatı, malların təkrar ixracı və təkrar ixracına icazənin verilməsi qaydası haqqında sazişə dəyişikliklər edilməsi barədə protokol layihəsi nəzərdən keçirilib.  Eyni zamanda iclas iştirakçıları MDB-yə üzv dövlətlərin vahid sərnişin gömrük bəyannaməsi  və onun  doldurulması qaydaları, eləcə də MDB üzv dövlətləri vahid gömrük bəyannaməsi blankının istifadəsi edilməsi ilə fiziki şəxslərin daşıdığı malların sadələşdirilmiş bəyan edilməsi qaydaları ətrafında müzakirələrə aparıblar.İclasın davamında Azərbaycanla Moldova Gömrük Xidmətləri arasında kadrların peşəkar səviyyəsinin artırılması ilə bağlı saziş imzalanıb. Qeyd edək ki, iclas iştirakçıları tədbirdən öncə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Müəllif | Apa.Tv
Apa.tv