Türkiyə baş nazirinin müavini: "Fövqəladə hallar zamanı biz biri-birimizə yardım etməliyik"
"Biz qardaş ölkələr öz təcrübəmizi bölüşmək üçün toplaşmışıq".
APAPTV-nin məlumatına görə, İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) təşəbbüsü və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə Qəbələ şəhərində keçirilən “İqtisadi Əməkdaşlıq Təşkilatının Fəlakət Riskinin İdarə Olunması üzrə 7-ci Beynəlxalq Konfransı” jurnalistlərə açıqlama verən Türkiyənin baş nazirinin müavini Bəşir Atalay belə deyib. Nazir müavini bildirib ki, son illər baş verən fövqəladə hadisələr ölkələri daha tədbirli olmağa çağırır.
"İƏT ölkələrinin hamısında hadisələr olur. Türkiyə zəlzələ qucağında böyüyür. Azərbaycan, İranda da bu hadisələr baş verir. Bu qardaş ölkələrlə bu mövzularda iş birliyi üçün bir araya gəldik. Son zamanları düşünsək, Əfqanıstanda torpaq sürüşməsi zamanı bir kənd torpaq altında qaldı. Türkiyədə bu yaxınlarda Somada böyük bir qəza oldu. Bütün bunlar fəlakətlər. Belə durumlarda biri-birimizə ən tez şəkildə necə yardım edə bilərik, bu toplantının əsas mövzusudur".
Baş nazirin müavini bildirib ki, gələn il toplantı Türkiyədə keçiriləcək. Tədbirin keçirilməsində əsas məqsəd təşkilata üzv ölkələrin müvafiq qurumları və təşkilatla sıx əməkdaşlıq edən beynəlxalq təşkilatlar arasında mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, onların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində birgə əməkdaşlığı daha da dərinləşdirməkdir.