Gəncədə əməliyyat: 22 nəfər saxlanıldı
Gəncədə “Yehovanın Şahidləri”nin 22 üzvü saxlanılıb. APA TV-nin məlumatına görə Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları onları Gəncə şəhəri, Yusif Kosayev küçəsi, ev 31 ünvanında qanunsuz tədbir keçirərkən saxlayıblar. Mənzilə gələn polis əməkdaşları 22 nəfəri Kəpəz Rayon Polis İdarəsinə gətiriblər. Saxlanılanlardan 10-u kişi, 11-i qadın, biri isə azyaşlı uşaq olub.
"Mənzilə baxış keçirilərkən oradan yayılması və təbliği qadağan edilmiş dini ədəbiyyat götürülüb".
Polis İdarəsindən verilən məlumata görə saxlanılan şəxslərin izahatları alınaraq materiallar tədbir görülməsi üçün məhkəməyə göndəriləcək.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi üzrə şöbəsindən verilən məlumata görə, hazırda şəhərdə “Yehovanın Şahidləri” dini təriqətinə etiqad edən 50-60 adam var. Onların sayının son bir neçə ildə xeyli azaldığı bildirilir.