Ukrayna prezidenti sülh planını açıqladı

Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenko sülh planı barədə açıqlama verib. APA TV-nin xəbərinə görə, Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama ilə görüşündən sonra mətbuat konfransında çıxışı zamanı Poroşenko qeyd edib ki, plan "geniştərkibli əfv" qərarı və hakimiyyətin mərkəzdən asılılığını azaltmaqdan ibarət olacaq: "Forum çərçivəsində Polşa prezidenti Branislav Komorovski və amerikalı həmkarım Barak Obama ilə müzakirələr apardıq. Müzakirələr kifayət qədər sərt ab-havada keçdi. Görüşdə Ukrayna ilə iqtisadi əməkdaşlıq və ölkənin təhlükəsizliyi məsələlərində rəsmi Kiyevə dəstək ifadə olundu. Biz rəsmilərlə sülh planının təfərrüatlarını dəyərləndirdik. Hakimiyyətin mərkəzdən asılılığını azaltmaq üçün Polşa modelindən istifadə edəcəyik. Bu, model əsasında yerli özünüidarə orqanları geniş səlahiyyətlər əldə edəcək. Bu isə Ukraynanın şərq hissəsi üçün vacibdir".

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Varşavada baş tutan görüşə münasibət bildirib. Lavrov qeyd edib ki, Ukraynadakı böhranlı vəziyyətlə əlaqədar rəsmi Moskvanın Qərblə münasibəti bir daha heç vaxt eyni olmayacaq: "Ukraynda baş verənlər cəmiyyət arasında yeni təmayülün formalaşması deyil, qərbin Rusiya ilə münasbətdə uzun illər boyu təqib etdiyi siyasətinin kulminasiya nöqtəsi idi".

 

Lavrov çıxışı zamanı rəsmi Kiyevi üsyançılara qarşı keçirilən hərbi əməliyyatlara son qoymağa çağırıb.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı