Tümendə azərbaycanlını qətlə yetirən çeçenin xəstəxanada öldürülməsinin YENİ TƏFƏRRÜATLARI
Tümendə azərbaycanlını qətlə yetirən çeçenin xəstəxanada öldürülməsinin yeni təfərrüatları üzə çıxıb. APA TV-nin məlumatına görə, hüquq-mühafizə orqanları öldürülən çeçenin Georgi adlı Surqut sakini olduğunu bildiriblər. Azərbaycanlılara məxsus “Bakı” kafesində yeyib-içdikdən 3 osetin və bir çeçen hesabı tələb ediblər. Hesab təqdim olunduqdan sonra onlar ödənişi plastik kartla edəcəklərini bildiriblər. Kafedə ofisiant işləyən azərbaycanlı Atəş Qurbanov kafedə pos-terminal olmadığını deyib və pulun nağd ödənilməsini tələb edib. Bu zaman içkili vəziyyətdə olan çeçen və osetinlər soydaşımızı təhqir etməyə başlayıblar. Mübahisə böyüyüb və kütləvi dava zamanı çeçen Atəş Qurbanovun sol kürək nahiyəsinə bıçaqla zərbə endirib. Kafedə olan azərbaycanlılar stulu çeçenin başına vuraraq onu zərərsizləşdiriblər. Qan itirməkdə olan Atəş Qurbanov xəstəxanaya çatdırılıb, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər. Hadisədən xəbər tutan azərbaycanlılar xəstəxananın həyətinə toplaşıblar. Bu zaman digər bir təcili yardım maşını Georgini xəstəxanaya gətirib. Qisas almaq istəyən soydaşlarımız çeçeni həkimlərin əlindən alaraq döyüb, sonra sürüyərək həyətə çıxarıb, daha sonra bıçaqla başına zərbə endirərək öldürüblər. Hüquq-mühafizə orqanları hadisədə təxminən 30-dək azərbaycanlının iştirak etdiyini bildirir. Qrup şəklində törədilən qətlin artıq iki iştirakçısı müəyyənləşib. Onlardan biri saxlanan zaman polisə müqavimət göstərib. Digərinə isə artıq qrup şəklində qətl törətmək maddəsi ilə ittiham irəli sürülüb. Saxlanan azərbaycanlıların adları açıqlanmır. Yerli hüquq-mühafizə orqanları hadisənin milli zəmində baş verdiyi barədə yayılan xəbərləri təkzib edib.